Azərbaycan ornament sənəti

Buta nədir?

Buta (butə, puta) – qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri.

I Bölmə

Buta təsviri incəsənətimizdə

Buta (butə, puta) – qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır.

Butanın geniş işləndiyi xalça məktəbləri
BakıGəncəƏrdəbilTəbrizNaxçıvanSalyanMuğan

Butalar forma etibarı ilə 4 qrupa bölünür

01

Xalça bəzəyində işlədilən butalar

Muğan-butaSalyan-butaXilə-butaBakı-butaSarabi-butaGəncə-butaŞirvan-buta
02

Ailə həyatını təmsil edən butalar

bala-butahəmli-butabalalı-butaevli-butaqoşaarvadlı-butavə s.
03

Rəmzi mahiyyət daşıyan butalar

cıqqa-butalələk-butaküsülü-butaqovuşan-butayazılı-butavə s.
04

Müxtəlif formalı butalar

saya-butaəyri-butadilikli-butaqıvrım-butaşabalıd-butazərxara-butabadamı-butaqotazlı-butaçiçəkli-butayanar-butavə s.

Rəmzi məna daşıyan butalar zaman keçdikcə tədricən müxtəlif məzmunlu və formalı motivlərlə zənginləşmişdir.

İzahlı lüğətdə
buta is.
  1. Qönçə.
  2. Parçaların üzərində badamabənzər xırda naxış, xırda gül şəkli.
  3. (fars. – butə) İçində qızıl, gümüş əritmək üçün odadavamlı materialdan (gildən) hazırlanmış qab.
Azərbaycan dilinin izahlı lüğəti. Bakı, 1966, səh. 331

Azərbaycan xalqının milli xüsusiyyətlərini özündə əks etdirən buta şifahi və yazılı ədəbiyyata, sənətə türk etnosunun mifoloji düşüncəsini ifadə edən anlayış, simvol kimi daxil olmuşdur.

II Bölmə

Buta folklorumuzda

Buta sadəcə təsviri incəsənətimizin yox, eyni zamanda folklorumuzun, şifahi xalq ədəbiyyatımızın əhəmiyyətli ünsürlərindəndir. Tədqiqatçı Məhsəti İsmayıl özünün “Naxçıvan əfsanələri” adlı kitabında butanın folklorumuzdakı yeri haqqında maraqlı müddəalara yer vermişdir:

Məhsəti İsmayıl · “Naxçıvan əfsanələri” · Bakı: Elm, 2008

Folklorda buta ulu əcdadlarımızın kosmoqonik düşüncəsinin daşıyıcısı missiyasını yerinə yetirir. Qədim insanların düşüncəsində su, bitki, dağ və digər varlıqlar müqəddəs hesab edilmiş, həyatın ilkin başlanğıcı sayılmışdır. Bu baxımdan buta nəslin davamı, artımın simvoludur. Buta Azərbaycan dastanlarında aşiq və məşuq arasında xəyali kontakt rolunu oynayır. O, məhəbbət dastanlarında görünməmiş bir eşqin, üstün, ilahi bir məhəbbətin nümunəsi olaraq seçilmiş qəhrəmana-aşiqə aşıqlıq, şairlik istedadı da bəxş edir. Dastanlarımızda, nağıllarda aşiqə “buta verilməsi” ixtiyar qoca-Xızır tərəfindən eşq şərbətinin içirdilməsi ilə başlayır. Bir-birini heç vaxt görməyən iki gənc ayrı-ayrılıqda, yuxuda, xəyali vəziyyətdə onlara verilən şərbətdən qız oğlanın, oğlan isə qızın bir anlıq görüntüsü ilə qeyri-adi sevgiyə, məhəbbətə düşür. Ümumiyyətlə, folklor nümunələrinin araşdırılması göstərir ki, hər kəsə buta verilmir. Buta vermə yalnız seçilmişlərə xasdır. Bu seçilmişlər buta vasitəsilə heç kəsə aid olmayan bir neçə fərqli xüsusiyyəti də özü üçün qazanmış olur. Aşiqin uzun məşəqqətli sınaqlardan keçməsi son olaraq sevgililərin ilahi vüsalı ilə başa çatır. Buta dünyada mövcud olan qanunauyğunluqların fərqli bir formada və daha üstün icrası üçün vasitədir. Məhəbbət dastanlarında dərviş, ixtiyar qoca, pir və s. mifik obrazların qızı oğlana ani olaraq göstərməsi, bəzən isə eşq şərbətini içirtməsi hadisəsinə “buta aldı”, “buta verildi” deyilir.

Azərbaycan folklor nümunələrinin bir çoxunda həmçinin buta adı çəkilmədən, yuxugörmələrlə bağlı bir neçə süjet xətti vardır. Yuxunun ardınca getmə, yuxuda sevgilisini görmə, yuxuda başına gələcəkləri görmə və s. hadisələr də, fikrimizcə, “buta vermə” ilə paralel şəkildə izah etmək lazımdır. Məhəbbət dastanlarında aşiqə buta verilməsi, yaxud ona dolu qabdan eşq şərbəti içirdilməsi, nağıllarda qəhrəmanın yuxusunun ardınca gedib xoşbəxtliyə qovuşması ilə bağlı hadisələr mücərrəd buta anlayışında birləşir. Demək, buta verilməsi ümumi və mücərrəddir. Məhz bu mücərrədlik butanı milli özəlliklərin daşıyıcısına çevirmişdir. Buta verilməsi, buta alınması yuxuda baş verdiyindən yuxu və buta bir vəhdət təşkil edir. Kamil Vəliyev türklərin yuxuya böyük əhəmiyyət verdiyini, yuxunu və yuxuyozmanı insan təsəvvürünün mənəvi aləminin dərinliklərində gedən gizli dünyanın bəlirtisi və insanın ilk mifi adlandırmışdır.

Azərbaycan məhəbbət dastanlarının strukturu, təməli də buta üzərində qurulur. Bu əsas üzərində cərəyan edən hadisələrin mürəkkəb inkişafı və məqsədi sonda aydınlaşır. Butadan başlanan aşiqliyin yolu məşəqqət və əzablardan keçir. Butanın alınması, yaxud buta verilməsi zahirən sadə, adi görünür.

Hər kəsə buta verilmir. Buta vermə yalnız seçilmişlərə xasdır.

Dastanlarda “buta verilməsi”

“Aşıq Qərib”

Rəsul yatmışdı, yuxuda gördü ki, Tiflis şəhərində behişt misalı bir bağdadı, bunun başının üstündə ceyran misalı gözəl bir qız... Bu qızın yanında bir dərviş, dərviş qızın əlini Rəsula uzadıb: – Rəsul, bu qız Tiflisli Xacə Sənanın qızı Şahsənəmdir, bunu sənə buta verirəm, çox çəkməz biri-birinizə çatarsız, deyib çəkildi.

“Qurbani”

Qurbaninin göz evi örtülü, könül evi açıq idi. Onun yuxusuna Gəncə şəhərində Ziyad xanın qızı Pəri xanım girdi. Pəri xanımın əlini Qurbaninin əlinə verib onları bir-birinə buta elədilər.

“Abbas və Gülgəz”

Abbası yuxudan ayılda bilməyəndə kimi deyir huşun itirib, kimi deyir ölüb. Bir qarı nəbzin tutub dedi: – Heç nə olmayıb, o, eşq yuxusuna gedib. Bu saat Təbrizli Batman Qılınc Məhəmməd bəyin bacısı Pəri xanımı ona buta verillər.

“Qul Mahmud”

Mahmud qardaşı Qəmbərlə Eynəl Yaqut pirində yatanda gecə Eynəl Yaqut Mahmuda bir qab şərab verdi. Mahmud içənnən sonra qabın dibində qalanı verdi Qəmbərə, bununla da hər ikisi şair oldu, Mahmud isə Misir şəhərində Cəfər paşanın qızı Nigar xanıma buta verildi.

Məhəbbət dastanlarının əsas kompozisiyasını təşkil edən buta dastan yaradıcılığında əhəmiyyətli rol oynayır. Göründüyü kimi, məhəbbət dastanlarında buta və yuxu bir-birini tamamlayan əsas elementlərdir. Eşq yanğısı verən içki, badə də butanın əsas elementlərindən biridir. Məhəbbət dastanlarına görə buta almış aşiq igidliyi və dürüstlüyü ilə də seçilir.

Azərbaycan sazıAşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
“Qurbani” dastanından

Kiçiklərdən xəta, böyükdən əta,
Mərd iyid odu ki, dediyin tuta,
Şahlar şahı mənə veribdi buta,
Mətləbimdi, Pəri üçün gəlmişəm.

III Bölmə

Butanın mənşəyinə dair

Butanın kökləri Azərbaycan torpağında çox qədim dövrlərə gedib çıxır. Naxçıvanın Şərur rayonundakı Ovçular təpəsi yaşayış yerində buta naxışlı bir neçə gil qab, Xələc yaşayış yerində isə buta təsvirli keramika parçası aşkar edilib.3 Tədqiqatçılar bu tapıntıları Son Eneolit dövrünə aid edirlər. Ovçular təpəsinin bu dövrə aid təbəqələri eramızdan əvvəl V minilliyə tarixləndirilir.4 Qablarda buta naxışı gövdə boyunca üç dəfə, simmetrik şəkildə təkrarlanır. Naxçıvan Dövlət Tarix Muzeyinin məlumatına görə, bu qablar indiyədək məlum olan ən qədim buta təsvirlərini daşıyır.3

Britannica ensiklopediyasında Butanın Hindistan-Moğol sənətinin bir ünsürü olduğu qeyd edilir. Əslində burada Teymurləngin nəslindən olan Babur Şah tərəfindən 1526-da Hindistanda qurulan və 1858-ə qədər mövcud olmuş Türk əsilli Baburilər dövlətindən söhbət gedir. Buta Hindistana Baburilər tərəfindən aparılmışdır. Təəssüf ki, Türk mənşəli Buta indi bir çox mənbələrdə Hindistana istinad edilməkdədir.

Hal-hazırda Hindistanın möcüzəsi olaraq tanınan Tacmahal da Türk memarlığının və incəsənətinin bir nümunəsidir. 5-ci Babur hökmdarı Şah Cahan tərəfindən mərhum xanımı Mümtaz Mahalın xatirəsinə həsr olunmuş bu sərdabənin tikintisində müxtəlif türk ellərindən, o cümlədən Azərbaycandan gələn sənətkarlar yaxından iştirak etmişdir.

Buta naxışlı məhsullar 19-cu əsrin ortalarında Hindistandan Şotlandiyanın Paisley şəhərinə gətirilmiş və oradan da bütün dünyaya yayılmışdır. Məhz buna görə Buta hal-hazırda Qərb dünyasında “paisley” adı altında tanınır.

e.ə. V minillikNaxçıvan: buta naxışlı ən qədim gil qablar
1526–1858Baburilər dövləti - buta Hindistana aparılır
XIX əsrin ortalarıButa naxışlı məhsullar Şotlandiyanın Paisley şəhərinə gətirilir
IV Bölmə

Buta UNESCO irsində

Butanın iki əsas daşıyıcısı - xalça və kəlağayı - bu gün bəşəriyyətin qeyri-maddi mədəni irsinin bir hissəsidir. Hər ikisi UNESCO-nun Reprezentativ Siyahısına daxil edilib.

UNESCO · Qeyri-maddi mədəni irs 2010

Azərbaycan xalçaçılığının ənənəvi sənəti

UNESCO Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında siyahıya daxil edilib. Xalçalar yun, pambıq və ipək iplərdən, təbii boyalarla, şaquli və üfüqi dəzgahlarda toxunur. Bu sənət ailədə, şifahi yolla və təcrübə ilə nəsildən-nəslə ötürülür. Butanın ən geniş yayıldığı yer də məhz xalçadır.

UNESCO · Qeyri-maddi mədəni irs 2014

Kəlağayı: ənənəvi sənəti və simvolizmi

2014-cü ilin noyabrında, 9-cu sessiyada siyahıya alınıb. Kəlağayının ipəyi Şəkidə istehsal olunur, özü isə İsmayıllının Basqal qəsəbəsində hazırlanır. Naxışlar taxta qəliblərlə, təbii boyalarla vurulur. Bir kəlağayı iki gün ərzində dörd ustanın əli ilə ərsəyə gəlir:

ToxucuBoyaqçıQəlibçiNaxış ustası

Orta əsrlərdə kəlağayıya vurulan buta izi ustanın möhürü rolunu oynayırdı: usta sağ əlini yumruq halında boyaya batırıb parçaya basırdı və bu izdən kəlağayının hansı ustaya məxsus olduğu bilinirdi. Zamanla bu iz təkmilləşərək buta naxışına çevrilib.7

V Bölmə

Butanın dünya səyahəti

Buta dünyanı dolaşdıqca yeni adlar qazanıb. Bu gün onu Qərbdə hər kəs tanıyır - sadəcə başqa adla.

butaAzərbaycanqönçə
botehFars dilikol, budaq
buta · buKəşmirkol, budaq
paisleyİngilis diliPeysli şəhərinin adı
XVIII əsr

Kəşmir şalları

Butanın bugünkü tanış formasını daşıyan Kəşmir şalları artıq geniş yayılmışdı.

XVIII–XIX əsrlər

Avropaya yol

Britaniya Ost-Hind şirkəti şalları İngiltərəyə və Şotlandiyaya gətirdi. Orada onları təkrarlamağa başladılar.

1800–1850

Peysli toxucuları

Şotlandiyanın Peysli şəhəri buta naxışlı şalların əsas istehsal mərkəzinə çevrildi. Naxış Qərbdə bu şəhərin adı ilə tanındı.

1870-ci illər

Dəbin zirvəsi

Fabrik çapı ilə kütləviləşən naxışın dəb zirvəsi 1870-ci illərdə başa çatdı.

1960-cı illər

Yeni doğuluş

Şərq üslubuna maraq butanı yenidən dəbə gətirdi. The Beatles, Queen və David Bowie onu geyindi; naxış 1967-ci ilin “Sevgi yayı”nın simvollarından birinə çevrildi.

Yeni · 2027

Peysli Muzeyi yenidən açılır

Şotlandiyadakı Peysli Muzeyi 2018-ci ildən bağlıdır. 68,7 milyon funt sterlinqlik yenidənqurmadan sonra muzeyin 2027-ci ilin əvvəlində açılması gözlənilir. Yeni ekspozisiyalar dünyaca məşhur Paisley naxışının hekayəsinə də həsr olunacaq - butanın yolu oradan da keçir.

VI Bölmə

Buta bu gün

Buta Azərbaycanın milli simvollarından biri sayılır və bu gün də yaşayır - səhnədə, ekranda, səmada.

Festival · 2009–2015

Londonda Buta Festivalları

2005-ci ildə yaradılmış Buta İncəsənət Mərkəzi Londonda iki böyük Azərbaycan incəsənəti festivalı keçirdi: 2009–2010-cu illərdə 100 gün davam edən ilk festival və 2014–2015-ci illərdəki ikinci festival.

Kino · 2011

“Buta” filmi

İlqar Nəcəfin filmində nənə nəvəsinin anasının xatirəsinə məhəbbəti təmsil edən buta naxışlı xalça toxuyur. Film Azərbaycandan “Oskar” mükafatına (85‑ci mərasim) göndərilib.

Aviasiya · 2017–2023

Buta Airways

Milli aviaşirkətin aşağı büdcəli qolu 2017-ci ildə uçuşlara başladı və 2023-cü ilin oktyabrında AZAL brendi altında birləşdi. Adı bu gün AZAL-ın “Buta Budget” tarifində yaşayır.

Səhnə · 2006

Buta Palace

2006-cı ildə açılan, 2000 tamaşaçı tutumlu Buta Palace Bakının əsas konsert məkanlarından biridir.

Buta bizə aid bir dəyər, bir gözəllikdir. O, hər zaman incəsənətimizin, ədəbiyyatımızın tacı olmuşdur. Onda nənələrimizin sığalı, tariximizin izi var. Təəssüf ki, bu gözəlliyin, bu şirin naxışın məhz Azərbaycan-Türk mənşəli olması dünyada çox az bilinir. Mədəniyyətimizə sahib çıxıb, onu ən gözəl şəkildə təbliğ etmək vətəndaş borcumuzdur!

Gəlin, Butamıza sahib çıxaq!

Facebookda Butaya həsr olunmuş səhifəni ziyarət edin